MƏDƏNİYYƏT
Müqavilədə Azərbaycan ilə Körfəz ölkələri arasında turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri əksini tapmışdır
Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Bakıda açılmış 10-cu yubiley Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays MMC” şirkəti ilə “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalamışlar.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müqavilədə Körfəz əməkdaşlıq ölkələrindən Azərbaycana turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməyə stimullaşdırmaq, regionda respublikamızın maraqlarının şirkət tərəfindən təmsil edilməsi kimi aktual məsələlər əksini tapmışdır. Eyni zamanda müqavilə Körfəz əməkdaşlıq ölkələrində Azərbaycanın təbliğat və təşviqat kampaniyalarının təşkili, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, yerli və xarici kütləvi informasiya vasitələri ilə iş sayəsində Azərbaycanın brend mövqeyini möhkəmləndirəcək maraq və məlumatlılığı artırmaq kimi məsələləri əhatə edir.