CƏMİYYƏT
Muradına çatmayan Murad
Bakı, 19 oktyabr, AZƏRTAC
Mehriban xanım onu kirpiyi ilə od götürə-götürə təkbaşına böyütmüşdü. O, Murada həm ana olmuşdu, həm də ata.
Ötən il avqustun 20-də Murada nişan aparmışdılar. Onun nişanlandığı Nəzrin adlı qızın nə atası var idi, nə də qardaşı. O, Nəzrinə təkcə sadiq həyat yoldaşı deyil, həm ata, həm də qardaş olmağı söz vermişdi...
24 yaşlı Murad toy üçün özünə kostyum, ayaqqabı almışdı, məclisə çağıracağı qonaqların siyahısını da tutmuşdu. Uşaq paltarları mağazasında işləyirdi, xoşuna gələn körpə paltarlarını alıb saxlayırdı...
AZƏRTAC xəbər verir ki, hər şey ötən ilin sentyabrında Vətən müharibəsinin başlanılması ilə məcrasını dəyişdi. Murad sentyabrda könüllü olaraq cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə müraciət etmişdi. Anası da həmin idarədə işlədiyindən sonradan ona zəng edərək “siz Mehriban xanımın oğlusunuz?” deyə soruşmuşdular. Murad “yox” demişdi. Hər ehtimala qarşı Müdafiə Nazirliyində də könüllü kimi onlayn qeydiyyatdan keçmişdi.
Hərbi xidmətə çağırıldığı gün sevincək evə gəlmiş, bayramsayağı geyinərək pal-paltarını, saçlarını səliqə-sahmana salmış və toy üçün aldığı ətirdən üst-başına vuraraq çağırış məntəqəsinə tələsmişdi.
Evdən çağırış məntəqəsinin toplandığı Səbail rayonundakı 49 nömrəli orta məktəbin həyətinə taksiyə minərək getmişdi. Əslində həmin yolu piyada 10 dəqiqəyə getmək olardı.
Mehriban xanım özünü çağırış məntəqəsinə yetirəndə Murad artıq könüllülər üçün ayrılmış avtobusun içində idi. O, avtobusa daxil olub oğlunu öpmək istəyəndə də Murad etiraz edib: “Burda nə qədər uşaq var, sən mənimlə öpüşsən, onda hamının anası gəlib övladları ilə görüşmək istəyəcək”.
Sonra qol saatını açıb anasına verib, qolbağını isə özündə saxlayıb. “Minaya düşsəm, qolbağımdan tanıyarsan”, - deyib.
Murad yola düşəndə anasına “Narahat olma, müharibə tez bitəcək, uzağı 15 günə evdəyəm”, - deyib.
Onun döyüş yolu sentyabrın 29-da Cəbrayıldan başlayıb. Sonrakı döyüş yolu Füzulinin Şükürbəyli kəndindən keçib. İmkan düşdükcə anası ilə telefon əlaqəsi saxlayırdı: “Ana, nigaran qalma və harada olduğumu soruşma. Hər şey yaxşıdır”.
Sonuncu zəngi isə oktyabrın 10-da olub. Daha doğrusu, başqa bir telefondan anasına mesaj göndərib : “Nigaran qalma. Mən yaxşıyam”.
Murad hərbi xidmətdə olarkən 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdi. Özüyeriyən topların baş tuşlayıcısı idi. O, şəhid polkovnik İlqar Mirzəyevin göstərişi ilə top komandiri ilə birlikdə düşmənin bir zirehli texnikasını və 3 canlı qüvvəsini məhv etmişdi. O vaxt qanlı döyüşlərdə qəhrəmanlıq göstərən Murad Qurbanov sağ-salamat evə qayıtmışdı.
Lakin bu dəfə o, qayıda bilmədi. Oktyabrın 11-də Hadrut uğrunda döyüşlərdə şəhid oldu. Anası qan içində olan cəsur əsgəri qolbağından tanımışdı...
Özünün dediyi kimi, düz 15 gün sonra....
Onu oktyabrın 13-də Badamdar qəbiristanlığında torpağa tapşırdılar.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Anası Mehriban Əmrahova deyir: “Murad iki dəfə Vətən qarşısındakı övladlıq borcundan layiqincə çıxsa da, oğul kimi mənə borcu qaldı. Tabutuma girib məni çiynində son mənzilə aparmadı... O, məni arxasında bir dağ hesab edirdi, amma özü mənə ağır və unudulmaz bir dağ oldu”.
Qeyd edək ki, Murad Asif oğlu Qurbanov 1996-cı il martın 23-də Salyan rayonunda anadan olub. Birinci sinfə Salyanda getsə də, 2004-cü ildən Bakının Səbail rayonundakı 51 nömrəli orta məktəbdə təhsil almışdı. 2015-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib və həmin il hərbi xidmətə gedib. 2020-ci il sentyabrın 29-dan isə Vətən müharibəsinin iştirakçısı olub.