CƏMİYYƏT
Murmansk Azərbaycan diasporu vilayət klinik xəstəxanasının həkimlərinə ərzaq yardımı edib
Bakı, 13 avqust, AZƏRTAC
“Yedinaya Rossiya” partiyasının regional bölməsinin və Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının nümayəndələri - cəmiyyətin sədri Afil Hüseynov və sədrin müavini Hüseynəli Hüseynov “Sağ olsun həkimlər” aksiyası çərçivəsində P.A.Bayandin adına Murmansk vilayət xəstəxanasının həkimlərinə 1,5 ton mövsümi tərəvəz, meyvə və şirələrdən ibarət ərzaq yardımı edib.
“Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, belə tədbirlər bundan əvvəl də keçirilib. Milliyyətindən və siyasi mövqeyindən asılı olmayaraq region sakinləri xeyirxah, faydalı işlər görmək üçün birləşirlər.
P.A.Bayandin adına Murmansk vilayət xəstəxanasının baş həkimi Aleksandr Qolovanov deyib: “Bu tədbir böyük əhəmiyyət kəsb edir, çünki vilayət xəstəxanasının 200-dən çox əməkdaşı COVID şöbələrində çalışır. Hazırda bizdə 7 COVID şöbəsi fəaliyyət göstərir. Biz ərzaq məhsullarını vilayət xəstəxanasının büdcədənkənar fəaliyyətdən əldə etdiyi vəsaitlər hesabına alırıq. Bu, bizə böyük köməkdir.
Vilayət xəstəxanası qütb dairəsindən şimalda yerləşən ən iri çoxprofilli müalicə müəssisəsidir. Pandemiya ilə əlaqədar xəstəxana xüsusi iş rejiminə keçib. Xəstəxananın beş mütəxəssisi koronavirusa qarşı mübarizəyə verdiyi töhfəyə görə RF Prezidenti Vladimir Putinin təşəkkürnaməsi ilə təltif edilib. Həkimlərin fədakar işi sayəsində şimallıların çoxu COVID-19-a qalib gəlib”.
Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının sədr müavini Hüseynəli Hüseynov deyib: “Pandemiyaya qarşı mübarizədə iştirak etmiş bütün həkimlərə təşəkkürümü bildirmək istəyirəm. Onların fədakar əməyi ən yüksək qiymətə layiqdir. Şəxsən mən RF-nin vətənpərvər sakini kimi həkimlərin qarşısında baş əyirəm. Sağ olsunlar!”