SİYASƏT
Murmansklı oxucular “Baku” jurnalının hər nömrəsini böyük səbirsizliklə gözləyirlər
Bakı, 14 iyun (AZƏRTAC). “Baku” jurnalının hər bir nömrəsini uzaq Murmanskda böyük səbirsizliklə gözləyirlər. Bu da təəccüblü deyildir. Kola yarımadasında yaşayan 25 minədək azərbaycanlı zavod və tikintilərdə çalışır, nikel və apatit hasil edir, Barens dənizində balıq ovlayır, Arktikada neft və qaz yataqları axtarmaqla məşğul olur. Unutmaq lazım deyildir ki, hələ SSRİ dövründə Azərbaycanın hərbi dənizçilik məktəblərinin xeyli sayda məzunu Rusiyanın ən qüdrətli donanması sayılan Qırmızı Bayraqlı Şimal Donanmasının gəmilərində xidmət etmiş və etməkdədir.
Vaxtilə vahid dövlətin çoxsaylı xalqlarının nümayəndələrinin məskən saldıqları Kola yarımadasının şimal hissəsində hazırda əhalinin özünəməxsus qeyri-adi tərkibi formalaşmışdır. Əhalisinin sayı bir milyondan az olan Murmansk vilayətində təxminən 120 millətin nümayəndəsi yaşayır. Həmvətənlərimiz Murmanskın milli diasporları arasında bəlkə də ən çoxsaylı diasporlardan birini təşkil edirlər.
“Baku” jurnalının sonuncu nömrəsi Murmanskda iyun ayında satışa çıxarılmışdır. Ənənəyə görə, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsinin Sverdlov küçəsində yerləşən binasında oxucu konfransı keçirilir. Elə həmin ənənəyə görə, tədbirə digər milli diaspor təşkilatlarından, yerli hakimiyyət orqanlarından nümayəndələr dəvət olunur.
Vilayət administrasiyası aparatının məsul işçisi Rimma Nikolayeva tədbir iştirakçılarını jurnalın növbəti nömrəsinin çıxması münasibətilə təbrik edərək bildirmişdir ki, nəfis tərtibatla çap olunmuş bu gözəl jurnal Avropanın istənilən nəşriyyatına şərəf gətirər.
Konfrans iştirakçılarını jurnalın uzaq Vətəni, onun tarixini və bu gününü xatırladan məzmunu cəlb etmişdir.
Jurnalın bu nömrəsində yer almış üç yazı ümummilli lider Heydər Əliyevə həsr olunmuşdur. Oxucular bildirmişlər ki, həmvətənimiz, İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın Heydər Əliyevlə görüşləri haqqında xatirələri, politoloq Aleksandr Karavayevin tarixi xronikası, Moskva merinin müavini Lyudmila Şevtsovanın əfsanəvi siyasi xadimlə şəxsi görüşləri barədə söhbəti nömrənin ən maraqlı materiallarıdır. Bu səmimi yazılardan ayrılmaq çətindir.
Ümumiyyətlə budəfəki nömrə yaxşı düşünülmüş rəngarəng materialları ilə fərqlənir. “Roma daşında yazı” sərlövhəli oçerk Qədim Romanın və Qədim Azərbaycanın ümumi tarixindən maraqlı söhbət açır. Yüksək keyfiyyətli şəkillərin əhatəsində verilmiş “Ləziz lülə-kababı neçə bişirməli” yazısı Azərbaycan milli kulinariyasının qədim sirlərindən agah edir.
Murmansklı azərbaycanlılar böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin xanımı, Böyük Teatrın solisti Tamara Sinyavskaya ilə müsahibəni xüsusi maraqla oxumuşlar. Murmanskda Maqomayevin adına böyük ehtiramla yanaşırlar. Müslümlə Bakıda ilk görüşü, Maqomayevin Azərbaycan Prezidenti Heydər Əliyevin ailəsi ilə dostluğu barədə Tamara Sinyavskayanın səmimi yazısını həyəcansız oxumaq olmur.
Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsi kitabxanasının fondu əsasında oxucu konfransı münasibətilə təşkil olunmuş sərgidə “Baku” jurnalının bütün nömrələri təqdim edilmişdir.