CƏMİYYƏT
Mütəxəssis: Düzgün diaqnostika və müalicə bir çox qadın xəstəliyinin qarşısını alır

Bakı, 7 iyun, AZƏRTAC
Qadın xəstəlikləri kimi tanınan patologiyaların elmi adı ginekoloji xəstəliklərdir. Statistik məlumatlara görə reproduktiv yaşda olan qadınların 50-60 faizində ginekoloji xəstəliklər müşahidə edilir. Lakin bir çox hallarda bu faizin daha yüksək olduğu ehtimal olunur.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 10 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Gülnar Mustafayeva deyib. Ginekoloq hər bir qadının vaxtlı-vaxtında müayinə olunmasını zəruri hesab edir: “Ginekoloji xəstəliklərdə ən önəmli məsələlərdən biri xəstəliyin səbəblərini zamanında aşkar etməkdir. Bunun üçün də profilaktik müayinələrin həyata keçirilməsi, klinik laborator müayinələrin aparılması, pasiyentin yaş və anamnestik məlumatlarının nəzərdən keçirilməsi çox vacibdir. Məhz bu prosesin nəticəsində qadınlara doğru yol göstərilir və zamanında müalicələrə başlanılır”.
Xüsusən, evdar qadınların öz sağlamlıqlarına biganə yanaşdığını bildirən həkim-ginekoloq vaxtında həyata keçirilən profilaktik tədbirlərin bir çox ginekoloji xəstəliklərin qarşısının alınmasında müstəsna rola malik olduğunu deyir. Məsələn, uşaqlıq boynunda meydana gələn patologiyalar haqqında söz açan mütəxəssis bu baxımdan qadınlarımız arasında xəstəliklərin geniş yayıldığını bildirib: “Uşaqlıq boynu patologiyaları yalnız ölkəmizdə deyil, ümumiyyətlə dünyada aktual olan mövzudur. Hazırda uşaqlıq boynunun bədxassəli xəstəliyi reproduktiv sistemdə rastgəlmə tezliyinə görə süd vəzindən sonra ikinci yerdə durur. Təbii ki, bu xəstəlik birdən-birə yaranmır, bundan öncə xərçəngönü (displaziyalar) vəziyyətlər müşahidə olunur. Həmin xəstəliklərin vaxtında düzgün diaqnostikası və müalicəsi demək olar ki, bu xəstəliyin qarşısını kifayət qədər alır”.
Mütəxəssis hesab edir ki, bu cür ginekoloji xəstəliklərin qarşısının zamanında alınması üçün qadınlarımız mütləq qadın məsləhətxanaları və ya sahə ginekoloqları ilə müntəzəm əlaqədə olmalıdır: “Bu baxımdan vəziyyət ürəkaçan deyil. Ümumiyyətlə səbəbsiz olaraq əksər qadınlar öz sağlamlığına biganə yanaşır və vaxtlı-vaxtında müayinələrdə iştirak etmir.
Dəyərli xanımlar, özünüzdə hər hansı bir narahatlıq hiss etdikdə, qadın məsləhətxanalarına vaxtında müraciət edin!”, - deyə G.Mustafayeva vurğulayıb.