REGİONLAR
Muxtar respublikada 1377 vergiödəyicisinə dövlət maliyyə dəstəyi göstərilib
Naxçıvan, 4 iyun, AZƏRTAC
Muxtar respublikada pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində bu ilin 2 iyun tarixinə muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 1377 vergiödəyicisinə 1 milyon 909 min 790 manat məbləğində vəsait həmin sahibkarların bank hesablarına köçürülüb.
Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndəriləcək. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.
Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.