ELM VƏ TƏHSİL
Muzeydə qazaxıstanlı qonaqlarla görüş
Bakı, 13 may, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının R.B. Süleymanov adına Şərqşünaslıq İnstitutunun Elmi işlər üzrə direktor müavini Duysen Qalımjan Mustaximulı və böyük elmi işçi Dina Aytmanova Albiyevna ilə görüş keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, görüşdə baş direktor akademik Nailə Vəlixanlı və icraçı direktor tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov qonaqları muzeydə görməkdən məmnun olduqlarını bildiriblər.
Görüş zamanı Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan muzeyi, elm və mədəniyyət mərkəzləri arasında uzunmüddətli sıx əməkdaşlıq, həm Azərbaycan, həm də Qazaxıstan tarixini və mədəniyyətini əks etdirən birgə layihələr haqqında söhbət aparılıb.
Tərəflər iki qurumun təşkilatçılığı ilə keçiriləcək yeni layihələr, elmi tədbirlər və elmi tədqiqatların aparılması istiqamətində fəaliyyətin genişlənməsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Sonda qonaqlara muzeyin kolleksiyası əsasında tərtib olunmuş nəfis tərtibatlı nəşrlər və elmi məqalələr toplusu təqdim olunub.