DÜNYA
Myanmada təyyarə qəzasında həyatını itirmiş 62 nəfərin cəsədi aşkarlanıb
Bakı, 12 iyun, AZƏRTAC
Myanmada xilasedicilər hərbi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş 62 nəfərin cəsədini aşkarlayıblar.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, aşkarlanan cəsədlərin 9-u azyaşlı uşaqlara aiddir. Həlak olanların bir hissəsinin ötən həftə kremasiya edildiyi bildirilir. “Təyyarə ölkə ərazisində qəzaya uğradığı və bəzi sübutlar tapıldığı üçün onun aşkar edilməsi gözlənilir”, - deyə Myanmanın ali baş komandanı Min Aung Hlaing bildirib.
Xatırladaq ki, hərbçilərin ailələrini Myanmanın cənubunda yerləşən Mıey şəhərindən Yanqona aparan Y-8 tipli dörd mühərrikli hərbi-nəqliyyat təyyarəsi iyunun 7-də Andaman dənizi üzərindən uçarkən radarlardan itmişdi. Elə həmin gün qəzanın baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin bəzi parçaları aşkar edilmişdi.
Qəzaya uğradığı vaxt təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 14 ekipaj üzvü, 35 hərbçi və 73 nəfər mülki şəxs olub. Qazanın başvermə səbəbləri hələlik məlum deyil.