SİYASƏT
NARKOMANİYANIN QARŞISINI ALMAQ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
BMT-nin İnkişaf Proqramı narkotiklərin orta məktəblərdə yayılmasının qarşısını almaq məqsədilə xüsusi layihələr hazırlamışdır. Layihələr baxılmaq üçün dövlət orqanlarına göndərilmişdir.
Proqramın Azərbaycan bürosundan AZƏRTAC-a bildirmişlər ki, rəsmi Bakı bu cür tədbirlərin keçirilməsində maraqlıdır və lazımi yardım göstərməyə hazır olduğunu bəyan edib. Layihənin reallaşmasına texniki yardımı Avropa Birliyi və BMT-nin İnkişaf Proqramı göstərəcəkdir. Bu məqsədlə Avropa Birliyinin eksperti Paul Kuk aprel ayında Bakıya gələcək, Daxili İşlər, Təhsil, Səhiyyə nazirliklərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə seminar keçirəcəkdir. Seminarda narkomaniyaya qarşı mübarizə ilə bağlı xarici və yerli ekspertlərin hazırladıqları təlimat kitabçaları ilə tanışlıq, polisin məktəblərlə birgə fəaliyyəti, yeniyetmə və gənclərin maarifləndirilməsi, təbliğat işinin müasir tələblər səviyyəsində qurulmasında KİV-in rolu məsələləri müzakirə ediləcəkdir.