SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Sentyabrın 20-də Azərbaycan Respublikasının Baş naziri -Artur Rasizadə ölkəmizdə səfərdə olan Fransa Senatının Fransa-Azərbaycan dostluq qrupunun sədri, senator Ambruaz Düponu qəbul etmişdir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimində iştirakdan böyük təəssürat aldığını məmnunluqla vurğulayan cənab Düpon bu münasibətlə Fransa Respublikasının Prezidenti Jak Şirakın Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə göndərdiyi təbrik məktubunu xatırladaraq qeyd etdi ki, uğurla həyata keçirilən neft strategiyası böyük bir dövrün başlanğıcında olan azad, demokratik, müstəqil Azərbaycanın inkişafına və dünya ölkələri, habelə Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir. Sonra Baş nazir Artur Rasizadənin həmsədrliyi ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Fransa İqtisadi Komissiyasının növbəti iclasına hazırlıq məqsədi ilə ölkəmizdə keçirdiyi bir sıra görüşlər barədə ətraflı məlumat verən qonaq respublikamızın iqtisadi, mədəni həyatı ilə yaxından tanış olduğunu, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin reallaşdırılması, habelə Bakıda Fransa Mədəniyyət Mərkəzinin yaradılması istiqamətində danışıqlar apardığını nəzərə çatdırdı. Sonda ölkəmizin Fransa ilə daha sıx əlaqələr qurması üçün böyük imkanların olduğunu xatırladan Ambruaz Düpon Fransa Respublikasının Baş naziri Jan-Pyer Raffarenin bu barədə məktubunu da Azərbaycanın Baş nazirinə təqdim etdi.
Baş nazir Artur Rasizadə dövlətimizin xarici siyasətində Avropa Birliyinin üzvü olan bir çox ölkələrlə yanaşı Fransa Respublikası ilə də dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd etdi. Sonra qonağı respublikamızdakı mövcud iqtisadi-sosial vəziyyətlə tanış edən Artur Rasizadə dövlət, hökumət və parlament nümayəndələrinin, müxtəlif iş adamlarının mütəmadi qarşılıqlı səfərlərinin əlaqələrimizin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Baş nazir Azərbaycanla Fransa arasında ikitərəfli faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün respublika hökuməti tərəfindən hər cür qayğının göstəriləcəyini nəzərə çatdırdı.
Fransa Respublikasının ölkəmizdəki səfiri xanım Şantal Puare qəbulda iştirak edirdi.