REGİONLAR
NDU-nun bir qrup müəllimi “Avropa Nəşr Mətbuat Evi”nin mükafatları ilə təltif olunub
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) bir qrup müəllimi “Avropa Nəşr Mətbuat Evi”nin təsis etdiyi mükafatlarla təltif olunublar.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, Azərbaycanda elm və təhsil sahəsində qazanılan uğurlardan danışıb, muxtar respublikada elmi-pedaqoji kadrların fəaliyyətinə yaradılan hərtərəfli şəraitdən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib.
Qeyd olunub ki, hazırda universitetdə Azərbaycan Milli Elmlər Akademiyasının 2 həqiqi, 7 müxbir üzvü, 31 elmlər doktoru, 175 fəlsəfə doktoru fəaliyyət göstərir. Gənc dissertant və doktorantlar elmin müxtəlif istiqamətləri üzrə uğurlu elmi-tədqiqat aparırlar. Yarım əsrlik tarixə malik, Azərbaycan ali təhsil məkanında özünəməxsus yeri olan universitetin müəllim-professor heyətinin qazandığı uğurlar yüksək mükafatlarla qiymətləndirilir.
Rektor “Avropa Nəşr Mətbuat Evi”nin fəaliyyəti barədə də ətraflı məlumat verib.
Sonra “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomunun təqdimat mərasimi keçirilib.
“Avropa Nəşr Mətbuat Evi”nin müsabiqə komissiyasının qərarı ilə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov, iqtisadiyyat fakültəsinin dekanı, dosent Mehdi Bağırov, sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev milli-mənəvi dəyərlərimizin qorunması və gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətlərinə, uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə görə mükafata layiq görülüblər.
Universitetin iqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov isə ictimai, elmi-pedaqoji fəaliyyətinə, gənc alim kadrların hazırlanması işindəki uğurlarına görə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Qızıl qələm” mükafatı ilə təltif olunub.
Xatırladaq ki, professor Ağarza Rüstəmov 2015-ci ildə adıçəkilən qurumun “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomuna da layiq görülüb.
Təltif olunanlar çıxış edərək minnətdarlıqlarını bildiriblər.