DÜNYA
NEPAL VƏ ÇİN EVEREST DAĞININ HÜNDÜRLÜYÜ BARƏDƏ KÖHNƏ MÜBAHİSƏYƏ SON QOYMUŞLAR
Bakı, 10 aprel (AZƏRTAC). Nepalın paytaxtı Katmandu şəhərində aparılmış danışıqlar nəticəsində Çin nümayəndələri razılaşmışlar ki, Everest zirvəsinin rəsmi hündürlüyü dəniz səviyyəsindən 8848 metrdir. Nepal isə öz növbəsində, Çin tərəfinin belə bir bəyanatını qəbul etmişdir ki, bərk süxurun hündürlüyü 8844 metrdir.
Everestin dəqiq hündürlüyü məsələsi bu vaxta qədər mübahisəli idi. 1954-cü ildən bəri rəsmən belə hesab edilirdi ki, bu dağın hündürlüyü 8848 metrdir. Lakin 2005-ci ilin mayında çinli alpinist və tədqiqatçılar bu qənaətə gəlmişlər ki, Comolunqma zirvəsinin hündürlüyü 3,7 metr azdır, yəni xətanın ən yüksək həddi 0,21 metr olmaqla 8844,43 metrə bərabərdir.
Bu məsələ barədə üçüncü fikir də var. 1999-cu ildə ABŞ Milli Coğrafiya Cəmiyyətinin və Boston elmi muzeyinin mütəxəssisləri peyk texnologiyalarından istifadə etməklə bu nəticəyə gəlmişlər ki, zirvənin hündürlyü onun “qar papağı” ilə birlikdə 8850 metrdir. Nepal isə bu rəqəmi rəsmən qəbul etmir və 8848 metr göstəricisi üzərində israr edirdi.
1953-cü il mayın 29-da Yeni Zelandiya sakini Edmund Hillari və onun bələdçisi Tenzinq Norqayın Everestə qalxması ilk dəfə olaraq qeydiyyata alınmışdır. O vaxtdan bəri dünyadakı bu ən uca zirvəni fəth edənlərin sayı 4 mindən çoxdur. Lakin alpinizm tarixi üzrə bəzi mütəxəssislər bildirirlər ki, Everesti ilk dəfə Hillaridən otuz il əvvəl fəth etmiş britaniyalı Corc Mellori dağlarda həlak olmuşdur.