MƏDƏNİYYƏT
NÖVBƏTİ “ŞƏRQ-QƏRB” BEYNƏLXALQ BAKI FESTİVALINDA 10 FİLM NÜMAYİŞ ETDİRİLƏCƏK
İttifaqın birinci katibi Rasim Balayev kinofestivalın proqramından danışaraq bildirmişdir ki, tamaşaçılar Azərbaycan, Rusiya, İsrail, Özbəkistan və Qazaxıstan kinematoqrafçılarının 10 filminə baxacaqlar. Filmlər mayın 15-19-da “Azərbaycan” kinoteatrında nümayiş etdiriləcəkdir.
Kinofestivalın açılış mərasimi Heydər Əliyev adına Sarayda olacaq, elə həmin gün milli kino pərəstişkarlarına rejissor Hüseyn Mehdiyevin “Fəzanın melodiyası” filmi ilk dəfə göstəriləcəkdir.
Festivalın təşkilatçıları gənc tamaşaçıları da unutmamışlar. Proqramda onlar üçün rusiyalı rejissor İvan Popovun “Balaca lordun sevinci və kədəri” filmi nəzərdə tutulmuşdur.
Münsiflər heyəti festivalın sonunda 6 nominasiya üzrə qaliblərin adlarını elan edəcəkdir.
Festival çərçivəsində Azərbaycan kinosunun klassiklərindən Əjdər İbrahimovun filmlərinə retrospektiv baxış, habelə “Qlobal dünyanın çağırışı: milli kinematoqrafiya XXI əsrin əvvəllərində” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.
Xatırladaq ki, “Şərq-Qərb” Bakı festivalı ilk dəfə 1996-cı ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dünya Kinosunun 100 illiyi Fondu tərəfindən MDB və Baltiya Ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə təşkil edilmişdir.