RƏSMİ XRONİKA
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Xalqımızın əziz Novruz bayramı münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə gözəl bahar əhval-ruhiyyəsi arzulayıram.
Novruz bayramı ulu əcdadlarımızın bizə gözəl yadigarıdır. Azərbaycan torpağında bu bayram çox qədim zamanlardan əsil milli bayram kimi qeyd olunmuşdur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrdən Novruz axşamınadək kütləvi şənlik və mərasimlərlə qarşılamış, təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulamışdır.
Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır. Hər kəsin layiqincə qarşılamağa çalışdığı Bahar bayramında insanın fikri, əməli və istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirir.
Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən almağa, onu insanlarımızın qəlbindən, zehnindən çıxarmağa müvəffəq ola bilməmişdir. Azərbaycan xalqı Novruz adət-ənənələrini göz bəbəyi kimi qorumuş, onları yaşadaraq bugünümüzə çatdırmışdır. XXI əsrə taleyini arzularına uyğun şəkildə quran azad ölkə kimi qədəm qoymuş Azərbaycanda uzun illərdən bəri bu bayram dövlət səviyyəsində təntənə ilə keçirilir.
Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız milli birliyin həqiqi rəmzinə çevrilmiş Bahar bayramını səbirsizliklə gözləyir və böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Qoy builki Novruz bayramı ərəfəsində Dünya azərbaycanlılarının Bakıda keçirilmiş ikinci qurultayı da milli həmrəylik işinə öz töhfəsini versin, azərbaycançılıq məfkurəsi ətrafında göstəriləcək səylər və əməli işlərlə əlamətdar olsun.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsini bu bayram günlərində dərin ehtiramla bir daha yad edirik. İnanıram ki, Azərbaycanın yüksək inkişaf tempinə malik güclü ölkə olması yolunda atılan hər yeni və qətiyyətli addım şəhidlərimizin ruhlarını şad edəcəkdir.
Əziz bacılar və qardaşlar!
Üzümüzə gələn bu yaz ətirli bayramda hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm.
Bahar bayramınız mübarək olsun!
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 18 mart 2006-cı il.