MƏDƏNİYYƏT
Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil edilmişdir
Xaçmaz, 4 iyun (AZƏRTAC). Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı regionlarda bu sahənin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə mütəmadi səfərlər təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə müxtəlif layihələr həyata keçirilir.
İyunun 4-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “SKAL International Bakı” təşkilatı və “Millenium Tourism & Conqress DMC” turizm şirkətinin təşkilatçılığı ilə Xaçmaz rayonuna infotur təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanda yeni marşrutlar kəşf edək” devizi altında keçirilən infoturun məqsədi “Palma” istirahət mərkəzinin 10 illik yubileyini qeyd etmək və respublikamızın ən gözəl guşələrindən biri - Xaçmazın turizm potensialı ilə daha yaxından tanış olmaqdır.
İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətlərinin əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 120 nəfərlik heyət iştirak etmişdir.
Turizm şirkətləri və KİV-lərin nümayəndələri əvvəlcə tarixi Şabran şəhərinin qalıqları ilə tanış olmuşlar. İştirakçılara məlumat verilmişdir ki, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamış qədim Şabran şəhəri Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi (Xalq yaradıcılığı paytaxtları) proqramına əsasən, 2011-ci ilin “Əfsanələr paytaxtı” elan edilmişdir. Bildirilmişdir ki, uzun illərdir açıq havada qalan bu qədim şəhər nümunələrinin mühafizəsi və tədqiq edilməsi məqsədi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 2003-cü il 27 sentyabr tarixli Sərəncamı ilə ərazi Şabran Şəhər Tarix-Mədəniyyət Qoruğu elan olunmuşdur. “Turizm ili” çərçivəsində 150-yə qədər tarixi tapıntı ilə zəngin olan qədim Şabran şəhərində bərpa işləri aparılacaqdır ki, bu da rayona gələn turistlərin sayının artmasına imkan yaradacaqdır.
Sonra “Palma” istirahət mərkəzində turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “SKAL International Baku” təşkilatının prezidenti və “Millenium Tourism & Conqress DMC”-nin rəhbəri Ruslan Quliyev çıxış etmişdir. O bildirmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması Azərbaycanda bu sektorun inkişafı baxımından əhəmiyyətli addımdır. Bölgənin turizm imkanlarının öyrənilməsində və təbliğində, turizm şirkətləri ilə dostluq şəraitində işgüzar mühitin yaradılmasında, yerli və xarici turistlərin cəlb edilməsində belə infoturların əhəmiyyətini yüksək qiymətləndirən R.Quliyev bu cür tədbirlərin intensiv keçiriləcəyini vurğulamışdır.
Sonra Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Akif Mərdanov, Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, “Palma” istirahət mərkəzinin direktoru Qəndalı Məmmədov respublikamızın ən gözəl guşələrindən olan Xaçmazın turizm potensialının yaxından öyrənilməsində infoturun əhəmiyyətini qeyd etmişlər. Çıxışlarda bildirilmişdir ki, Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində son illərdə turizm sektoru özünün sürətli inkişaf dövrünü yaşayır. Təkcə Xaçmaz rayonunda il ərzində 300 minədək yerli və xarici turist istirahət edir.
Tədbirdə jurnalistlərin sualları cavablandırılmış, müzakirələr aparılmışdır.
“Palma – 10 il” yubiley tədbirində və infoturda fəal iştiraka görə turizm şirkətlərinin və KİV-lərin nümayəndələrinə sertifikat və hədiyyələr təqdim olunmuşdur.
Azərbaycanın füsunkar guşələrindən olan Nabranda, Xəzər dənizinin sahilində yerləşən “Palma” istirahət mərkəzinin ümumi sahəsi 6,5 hektar təşkil edir ki, bunun bir hektarı nadir ağac növlərindən ibarət qeyri-adi meşə sahəsidir. Çoxsaylı ağac və gül kollarının, fəvvarələrin əhatəsində yerləşən, 43 kottecdən ibarət istirahət mərkəzində gün ərzində 300 turistin istirahəti üçün hər cür şərait yaradılmışdır. Meşə zolağının ərazisində inşa edilmiş “Ocaqbaşı” restoran kompleksinin tərkibinə 3 bar, çayxana, kafe, mağaza, diskoteka, 150 nəfərlik banket zalı, həmçinin Azərbaycan, ingilis, rus dillərində sinxron tərcümə xidməti olan, ən yüksək səviyyəli 120 nəfərlik konfrans zalı daxildir. Mükəmməl servisi ilə fərqlənən restoranın menyusunda Azərbaycan, rus və Avropa mətbəxinin ən gözəl nümunələri yer alır. İdman kompleksində tennis kortu, basketbol, voleybol və badminton meydançaları, stolüstü tennis, bilyard masaları və uşaqlar üçün oyun meydançası inşa olunmuşdur. Almaniya və Türkiyə istehsalı olan etibarlı və elektron təmizləyici sistemlə təchiz edilmiş geniş və rahat iki hovuzun yanında uşaqlar üçün hovuz və ayrıca olaraq “Aquapark” inşa edilmişdir.
İnfoturun proqramı çərçivəsində həmin gün axşam əyləncəli şou-proqram olmuşdur.