REGİONLAR
Naftalan məktəblisi: Tur-aksiya bizim üçün inanılmaz imkanlar yaradır
Quba, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Bundan əvvəl də bir dəfə Qubada olmuşam. Amma böyük şagird kollektivi ilə gəzintinin təəssüratları tam başqadır. Tur-aksiya çərçivəsində gedəcəyimiz rayonların tarixini, mədəniyyətini öyrənirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən maarifləndirici tur-aksiyanın iştirakçısı, Naftalan şəhər İmaməddin Nəsimi adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Səyyarə Fərəcova deyib.
Məktəbli bildirib ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiya dörd gün davam etsə də, xoş təəssüratları uzun müddət unudulmayacaq. O deyib: “Doqquz rayonun şagirdlərinin bir yerdə səyahət etməsi tur-aksiya iştirakçıları üçün inanılmaz imkanlar yaradır. Elə ilk gündəcə xeyli yeni dost qazanmışam. Gəzdiyimiz yerlər haqqında təəssüratlarımızı bölüşməklə yanaşı, təhsil aldığımız məktəblər və dərslərimizlə bağlı da söhbətlər edirik”.