CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 16 may, AZƏRTAC
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsində ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.
Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov iki ölkənin gömrük orqanları arasındakı qarşılıqlı əməkdaşlıqdan məmnunluqla bəhs edib və işgüzar, səmərəli münasibətlərin daha da inkişaf etdirilməsinin faydalarından danışıb.
İdarə rəisi qonaqlara son zamanlar ölkəmizdə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və tətbiq edilən yeniliklərin hüquqpozmalara qarşı mübarizə sahəsində də səmərəliliyinin artırılmasına təkan verdiyini diqqətə çatdırıb.
Eyni zamanda, görüşdə cari ilin ötən dövründə Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilən uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.