CƏMİYYƏT
Narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsi hazırlanıb
Bakı, 21 mart, AZƏRTAC
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair ölkə məruzəsi” Azərbaycan və ingilis dillərində hazırlanıb.
AZƏRTAC komissiyanın saytına istinadla xəbər verir ki, məruzədə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası barədə məlumat verilib. Həmçinin məruzədə qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhv edilməsi prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapıb.