REGİONLAR
Nasos stansiyasının yenilənməsi nəticəsində Yevlaxda iki kəndin suvarma suyu ilə təminatı yaxşılaşıb
Yevlax, 16 iyul, AZƏRTAC
Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Kür çayının sol sahilində mövcud olan bir aqreqatlı nasos stansiyası Qaraoğlan və Yuxarı Qarxun kəndlərindəki əkin sahələrini suvarma suyu ilə təmin edir. Son illər havaların quraqlıq keçməsi ilə əlaqədar nasos stansiyası qeyd edilən kəndlərdə yaşayan sakinlərin əkin sahələrinin suvarılması üçün ehtiyacı ödəmirdi. Nəticədə kənd sakinləri əkin sahələrini suvarmaqda çətinlik çəkirdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən Qaraoğlan nasos stansiyasında ikinci aqreqat, yeni elektrik avadanlıqları, 80 metr uzunluğunda boru xətti quraşdırılıb. Nasos stansiyanın məhsuldarlığı saniyədə 550 litr artırılıb. Bununla da Yuxarı Qarxun kəndində 300 hektara yaxın, Qaraoğlan kəndində isə 500 hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatındakı problem aradan qaldırılıb.