REGİONLAR
Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin tikintisi davam edir
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Bu ilin avqust ayından etibarən Uzunoba gölünün ətrafındakı ərazidə tikintisinə başlanılan Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksində inşaat işləri davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir. Eyni zamanda, tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da mövcuddur.
İnşaat işlərinin gedişinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası nəzarət edir. Eyni zamanda Türkiyə Cümhuriyyətinin Mersin şəhərindən muxtar respublikamıza süni meydançaların quraşdırılması üzrə mütəxəssis dəvət olunub.
Hazırda meydançanın müxtəlif hissələrində inşaat işləri gedir. İnzibati bina, çimərlik futbolu stadionu və tribunalarda hörgü işləri tamamlanıb, dam örtüyü vurulub, əraziyə su-kanalizasiya, elektrik xətləri və metal hasar çəkilib. Tikililərin fasad və interyerinin suvaq işi də yekunlaşıb. Hər üç süni meydançanın bünövrəsi tamamlanıb. Artıq üstüörtülü stadionun dəmir konstruksiyaları qurulmaqdadır. Bununla yanaşı, süni örtüklü futbol stadionu və ətrafındakı mini futbol meydançasının səthində hamarlama işləri yekunlaşıb.
Tikinti işlərinin növbəti ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.