REGİONLAR
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası fəaliyyətində yeni-yeni uğurlar qazanır
Naxçıvan, 28 iyul, AZƏRTAC
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına daxil olan ərizə və şikayətlərə vaxtında və qanunun tələbləri əsasında baxılıb, bir çox təşkilatlarda müddəti başa çatmış kollektiv müqavilələr yenilənib, ittifaq üzvlərinin sağlamlığı diqqət mərkəzində saxlanılıb, onlar kurort və sanatoriya yollayışları ilə təmin olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 2022-ci ilin birinci yarım ilində görülən işlər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrlə bağlı keçirilən tədbirdə bu sözləri ittifaqın sədri Anar İbrahimov deyib.
Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyə xarakterli məktublarının icrası nəzarətə götürülüb, şuranın sədri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin onlayn formatda keçirdiyi iclaslarında iştirak edib. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəaliyyətində bir sıra müsbət dəyişikliklər yaranıb, muxtar respublikada yeni yaranmış istehsal və xidmət sahələrinin hesabına ilk həmkarlar ittifaqı təşkilatlarının sayı artıb. Şura hazırda 763 ilk həmkarlar ittifaqı təşkilatlarını, 9 Birləşmiş Həmkarlar İttifaqı komitələrini, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərinin sayı isə 46 min 134 nəfərdir.
Diqqətə çatdırılıb ki, nazirlik, komitə və təşkilatların, dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzində istirahətləri də diqqət mərkəzində saxlanılıb, xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən şəhid, qazi, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideynli 50 uşaq üçün “Yay məktəbi”, bu il iyulun 25-27-də 6 təlimçi və 48 şagird üçün 3 günlük “STEAM Yay məktəbi”, şəhid və qazi övladlarından, həmçinin xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 53 nəfərin iştirakı ilə “Zəfər düşərgəsi” təşkil edilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ötən il olduğu kimi, bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında keçirdiyi müsabiqədə fəal iştirak edib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası İcraiyyə Komitəsi tərəfindən yaradılan müsabiqə komissiyasına 19 gənc üzv seçilib, uğurlara imza atan 3 gənc Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2022-ci il 4 mart tarixli qərarı ilə 2021-ci ilin “Peşəkar gənci” fəxri adına layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli çıxış edərək ötən yarım il ərzində qazanılan nailiyyətlərdən və şuranın gələcəkdə qarşıya qoyduğu məqsədlərdən danışıb.
Daha sonra 2021-ci il üzrə AHİK İcraiyyə Komitəsinin qərarına əsasən, muxtar respublikanın ictimai həyatında, media sahəsində, bu və ya digər istiqamətlərdə fəallıq göstərən üç nəfər – Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin şöbə müdirinin müavini Miryunis Seyidov, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun, Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri Surə Rəhimova, “Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müxbiri Güntac Şahməmmədli fəxri fərman, döş nişanı və pul mükafatı ilə təltif olunublar.
“Şərq qapısı” qəzetinin müxbiri Güntac Şahməmmədli çıxış edərək bildirib ki, bu gün muxtar diyarımızın hər bir sahəsində qeydə alınan inkişaf gənclərin bütün istiqamətlərdə önə çəkilməsinə, Vətənə, dövlətçiliyə sədaqət ruhunda formalaşmasına geniş imkanlar açıb. Bu gün ölkəmizdə milli maraqlara xidmət edən, sağlamdüşüncəli, vətənpərvər ruhlu gənc nəsil formalaşıb. Güntac Şahməmmədli mükafatlandırılan gənclər adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra məruzə ətrafında çıxışlar olub.