REGİONLAR
Naxçıvan Muxtar Respublikasının turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur
Naxçıvan, 10 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ən böyük və ən nüfuzlu beynəlxalq sərgilərdən biri hesab edilən “Arabian Travel Market 2022” (ATM) beynəlxalq turizm sərgisində vahid Azərbaycan stendi altında Naxçıvan Muxtar Respublikası stendi də təşkil edilərək, muxtar respublikanın turizm potensialı təbliğ olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti, Ağbulaq İstirahət Mərkəzi və 31 yerli turizm şirkəti iştirak edir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun əməkdaşları tərəfindən sərgi iştirakçılarına qədim diyarın turizm potensialı və mövcud turizm məhsulları barədə geniş məlumat verilir, eyni zamanda, muxtar respublikanın sağlamlıq turizm potensialı ziyarətçilərə təqdim olunur.
Sərgidə Naxçıvanın turizm potensialı ilə bağlı videoçarxlar və Ağbulaq Xizək Mərkəzi sərgi iştirakçılarının böyük marağına səbəb olub. Muxtar respublikanın Turizm Departamenti tərəfindən hazırlanmış bukletlər, “Naxçıvan 4 fəsildə”, “Naxçıvan - Şərqin əfsanəsi” kitabları, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, həmçinin yerli istehsal məhsullarından “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilir.
Yaxın Şərqdə ən böyük turizm sərgisi olan ATM turizm sənayesi üçün əhəmiyyətli hadisə və bütün iştirakçılar üçün daha sıx əlaqələr qurmaqda, əməkdaşlıq sazişləri bağlamaqda gözəl imkandır.
Sərgi çərçivəsində xarici turoperatorlara, BƏƏ və Fars körfəzi ölkələrinin turizm agentlərinə Naxçıvan Muxtar Respublikası haqqında geniş məlumat verilir, buradakı yerli turoperatorlarla əlaqələrin qurulmasına köməklik göstərilir.
Sayca 29-cu dəfə baş tutan sərgidə, ümumilikdə, 112 ölkədən 1500-dən çox şirkət iştirak edir.