REGİONLAR
“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb
Naxçıvan, 15 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 15-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fərmana əsasən “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Fərmanla təsdiq olunan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nə uyğun olaraq mərkəz Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən, muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarını yerli şəraitə uyğun yüksək məhsuldar bitki sortlarının toxumları ilə təmin edən və toxumçuluq sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nizamnaməni, digər normativ hüquqi aktları rəhbər tutur. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.
“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi toxumçuluq sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edəcək, muxtar respublikada toxumun istehsalını, tədarükünü, saxlanmasını və satışını təmin edəcək, kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması ilə bağlı tədbirlər görəcək, daxili bazarda toxum çatışmazlığının və qiymət artımının qarşısının alınmasında iştirak edəcək. Bununla yanaşı, müvafiq sahədə xarici təcrübəni öyrənməklə və tətbiq etməklə məhsuldarlığın artırılmasına töhfə verəcək.