REGİONLAR
“Naxçıvan” Universitetində bayram tədbiri keçirilib
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi. 1991-ci il sentyabrın 3-də yekdilliklə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilən Ümummilli Liderimiz həmin il dekabrın 16-da bu ideyasını reallaşdırıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə bu sözləri universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva deyib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Nurlana Əliyeva kollektivi bayram münasibətilə təbrik edib, qarşıdan gələn 2020-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini bildirib.
Bu günün tarixi əhəmiyyətindən danışan rektor qeyd edib ki, 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri məsələlərini daim diqqət mərkəzində saxlayıb, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər edib. Görkəmli dövlət xadiminin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət daşıyıb.
Sonra tədbirin bədii hissəsi olub. Tələbələrin ifasında səslənən bir-birindən rəngarəng musiqilər və rəqs nömrələri tədbirdə xoş ab-hava yaradıb. Səhnəyə Şaxta baba və Qar qızın gəlişi alqışlarla qarşılanıb.