REGİONLAR
Naxçıvan könüllüləri talassemiya və hemofiliyadan əziyyət çəkənlər üçün qan veriblər
Naxçıvan, 2 dekabr, AZƏRTAC
“Naxçıvan könüllülərinin birlik həftəsi” çərçivəsində könüllülər talassemiya və hemofiliyadan əziyyət çəkənlər üçün qan veriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında 30-dan artıq könüllü gənc fəal iştirak edib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının mərkəzi qan bankının həkim-hematoloqları tərəfindən hər bir donordan analiz götürülərək sağlamlıqları yoxlanılıb, daha sonra qan götürülüb.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya və hemofiliyadan əziyyət çəkən şəxslərə yardım etmək məqsədilə istifadə olunacaq.
Qeyd edək ki, 2020-ci il ölkə Prezidenti tərəfindən “Könüllülər ili” elan edilib. İl çərçivəsində muxtar respublika gəncləri də könüllü olaraq çoxsaylı tədbirlərdə fəal iştirak edirlər. Naxçıvan könüllülərini əhatə edəcək “Könüllülük həftəsi”nin sonunda könüllülər il ərzindəki fəaliyyətlərinə görə mükafatlandırılacaqlar.