REGİONLAR
Naxçıvanda Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 17-də tanınmış həkim və ictimai xadim Əqil Səftər oğlu Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin sərəncamla Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib.
Sərəncamda deyilir ki, ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərib. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak edib, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olub. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.