REGİONLAR
Naxçıvanda Psixoloji Dəstək Xidməti yaradılıb
Naxçıvan, 21 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərər çəkənlər üçün Psixoloji Dəstək Xidməti yaradılıb.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmətin yaradılmasında məqsəd mərkəzdə fəaliyyət göstərən psixoloji dəstək xidmətinin yeni istiqamət yönü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ailə üzvləri, yaralananlar, eyni zamanda, müharibə iştirakçıları üçün postmüharibə dövründə lazımi psixoloji dəstəyin təşkilidir.
Artıq müvafiq xidmətlə bağlı mərkəzdə əlaqə telefonları (036-545-65-26 və 060-263-30-03) müəyyən olunub, xidmətdən istifadə etmək istəyənlər bu nömrələr vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır, bu istiqamətdə zəruri yeniliklər tətbiq edilir. Müvafiq kateqoriyadan olan şəxslərin maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis olunur, sosial ödənişlərin məbləği mütəmadi artırılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il yanvar ayının 1-dən Prezident təqaüdlərinin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması, o cümlədən yeni Prezident təqaüdlərinin təsis edilməsi ölkəmizdə insan amilinə verilən yüksək dəyərin növbəti təzahürüdür. Bu tədbirlərin davamı kimi, tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi iştirakçılarının sağlamlığının bərpası, onların müvafiq reabilitasiya tədbirlərinə cəlb olunması da diqqət mərkəzində saxlanılır, sosial dəstək tədbirləri davam etdirilir.