REGİONLAR
Naxçıvanda keçirilən “Hədəf” adlı atış təlimində 100-dək gənc iştirak edib
Naxçıvan, 24 aprel, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” aprelin 15-də keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqların icrası ilə bağlı işlər davam etdirilir. Bu çərçivədə “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində “Hədəf” adlı yeni atış təlimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən təlimdə 100 gənc iştirak edib.
Əvvəlcə çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirib ki, adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən nazirlik Əlahiddə Ümumqoşun Ordu ilə birgə gənclərin hərbi-vətənpərvərlik işini diqqətdə saxlayır, Gənclər Fondu ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsini təmin edir.
Vurğulanıb ki, bu gün muxtar respublikada digər sahələrlə yanaşı, gənclərin fəaliyyətinin dəstəklənməsi də hər zaman diqqət mərkəzində saxlanılır. Təhsilin, səhiyyənin, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, sürətli internet təminatı, gənclər üçün əlverişli mühitin yaradılması onlara əlavə stimul verir. Bununla yanaşı, gənclər ideya və bacarıqlarına uyğun istiqamətləndirilir, onların ideyaları sosial şəbəkələr vasitəsilə yayılır, fərqlənən gənclər nazirlik tərəfindən mükafatlandırılır.
Azad Cabbarov deyib: “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxışında qeyd edib ki, bu gün muxtar respublikada idmanın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaq durmaları üçün idman obyektləri, zalları tikilərək istifadəyə verilib. Bunlardan biri də Atıcılıq Mərkəzidir. Bu gün mərkəz hər bir avadanlıqla təmin olunub, yeni silahlar alınaraq idmançıların ixtiyarına verilib. Federasiya sədri muxtar respublikanın gənclərlə iş, idman, iqtisadi inkişaf, beynəlxalq əlaqələr və ordu quruculuğu sahələrində hamiliklə bağlı görülən işlərdən geniş bəhs edib, gənclərə gələcək karyeralarında uğurlar arzulayıb.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandan müavini, general-mayor Teymur Eyyubov gənclər sahəsində görülən işlərdən, onlara göstərilən dövlət qayğısından danışıb, ölkəmizin hərbi qüdrətinin ilbəil artdığını vurğulayıb.
Sonra “Hədəf” təliminə start verilib.
Təlimdə gənclərə silahdan istifadə, nişanalma, təhlükəsizlik, hədəfə atəş açmaq qaydaları öyrədilib. Gənclərin “Kalaşnikov” avtomatı (AK-7,62 PS), snayper (SVD-7,62 LPS) və pulemyotdan (PK-7,62 LPS, RPK-5,45 PS) atış bacarıqları sınaqdan keçirilib.
Sonda fərqlənən gənclərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim edilib.