CƏMİYYƏT
Nazir Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət edib VİDEO
Bakı, 21 iyun, AZƏRTAC
Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 100-dən çox işəgötürənin bu marafona qoşularaq vakansiyalarını elektron sistemə daxil etdiklərini bildirib və hər bir işəgötürəni aksiyaya qoşulmağa dəvət edib.
İşəgötürənlər aksiyada fəal iştirak etməklə Vətən uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və həmin döyüşlərdə sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təminatına dəstək vermiş olurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!