ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunda akademik Nadir Seyidovun 90 illik yubileyi qeyd olunacaq
Bakı, 18 may, AZƏRTAC
AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mayın 19-20-də akademik Nadir Seyidovun 90 illik yubileyinə həsr olunmuş “Katalizatorlar, olefinlər əsaslı yağlar” mövzusunda respublika elmi konfransı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunu bir daha işıqlandırmaqdır. Konfransın elmi proqramında “Neft-kimya sintezi”, “Monomerlərin sintezi və polimerləşmə reaksiyalarında tətbiqi”, “Oliqomerləşmə və polimerləşmə reaksiyaları üçün katalizatorlar”, “Polimer kompozit materiallar” bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, akademik Nadir Seyidovun elmi fəaliyyəti əsasən polimer kimyası və neft-kimya sintezi problemlərinin həllinə yönəldilib. O, Azərbaycanda polimer kimyası sahəsində özünəməxsus istiqamət yaratmaqla bu məktəbin əsasını qoyub.