REGİONLAR
Neftçalada 40 min 500 hektar sahədə payızlıq taxıl əkini planlaşdırılır
Neftçala, 17 sentyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada cari ilin məhsulu üçün 40 min 500 hektar sahədə payızlıq taxıl səpini planlaşdırılır. Hazırlıq işlərinə vaxtında başlayan əkinçilər indiyədək 16 min 300 hektar sahədə yay şumu aparıb və digər işlər görüblər.
Rayon Dövlət Aqrar Dövlət İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 102 min 212 ton məhsul götürülüb. Növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə rayonda mövcud olan səpin aqreqatları və digər maşın-mexanizmlər təmir olunaraq məhsul istehsalçılarının ixtiyarına verilib, kifayət qədər toxum tədarük olunaraq səpin üçün hazırlanıb, gübrələr gətirilib.
Qeyd edək ki, ötən il neftçalalı taxılçılar hər hektar taxıl sahəsindən, ümumilikdə 27,8 sentner məhsul götürüblər.