REGİONLAR
Neftçalada indiyədək 34 min hektardan çox sahəyə payızlıq taxıl səpilib
Neftçala, 5 dekabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini yekunlaşmaq üzrədir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 111 min 603 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 37 min 583 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 34 min 840 hektar sahəyə toxum səpiblər ki, bunun da 30 min 915 hektarı arpa, 4 min 295 hektarı isə buğda sahələridir. Səpin aparılmış arpa sahəsinin 20 min 634 hektarı suvarılan, 9 min 915 hektarı isə dəmiyə sahədir. Rayonun Sarıqamış, Xolqaraqaşlı, Xolqarabucaq və Xəzərkənd kəndlərində səpin kampaniyası artıq başa çatıb.
Qeyd edək ki, bu il Neftçalada 40 min 500 hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.