REGİONLAR
Neftçalada taxıl biçininə hazırlıq işləri başa çatıb
Neftçala, 25 may, Mahir Babayev, AZƏRTAC
Taxılçılıq Neftçala rayonunda aparıcı təsərrüfat sahələrindən hesab olunur. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi rayonda taxılçılığın ildən-ilə inkişafına səbəb olub.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 46 min 222 hektar taxıl sahəsindən 104 min 996 ton məhsul götürülüb ki, bunun da 88 min 502 tonu arpa, 16 min 494 tonu isə buğda olub. Rayon taxılçıları cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Torpaq mülkiyyətçiləri ötən ilin payızında 51 min 275 hektar taxıl əkiblər ki, bunun da 8 min 213 hektarı buğda, 43 min 62 hektarı isə arpa sahəsidir. Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən neftçalalı taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər. Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün artıq rayonda biçinə hazırlıq işləri başa çatdırılıb. Sahələrə çıxarılacaq 20-dən çox kombayn texniki baxışdan keçirilib, aşkar olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan 150 maşın mexanizm hazır vəziyyətə gətirilib. Biçin vaxtı ətraf rayonlardan əlavə 100 kombaynın gətirilməsi nəzərdə tutulub. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işi aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə rayonda biçin kampaniyasına start veriləcək.
Mütəxəssislərin dediyinə görə, bu il sahələrdən ötən ildəkindən daha çox məhsul götürmək mümkün olacaq.