REGİONLAR
Neftçalada tədarük olunan pambığın 3 min tona yaxını maşınlarla yığılıb
Neftçala, 21 noyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalanın pambıq tarlalarında məhsul yığımı sürətlə davam edir. Gün ərzində sahələrdən 38-40 tona yaxın məhsul toplanır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Neftçalada 11 min 111 hektar sahədə pambıq becərilib və bu günədək tarlalarından 8 min 360 tondan çox məhsul yığılıb.
Ötən ildən fərqli olaraq neftçalalı fermerlər bu il məhsulun maşınla yığılmasına üstünlük veriblər. Rayon üzrə tədarük olunan pambığın 2 min 958 tonu maşınlarla toplanılıb.
Təcrübəli pambıqçı, fermer İmaməddin Dadaşov AZƏRTAC-a bildirib ki, pambığın maşınlarla yığılması çox sərfəlidir. Əl ilə yığım zamanı proses uzandığından məhsul itkisi çox olur. Həm də baha başa gəlir. Pambığın maşınla toplanması 70-80 faiz gəlir gətirir.
Fermer becərdiyi 100 hektar sahənin məhsulunun demək olar ki, hamısını maşınla yığıb.