İDMAN
“Neftçi” – “Çixura” oyununda hesab açılmayıb VİDEO
Bakı, 31 iyul (AZƏRTAC, Səxavət Quliyev). İyulun 31-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” komandası ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” komandası “Bakcell Arena”da Gürcüstanın “Çixura” kollektivini qəbul edib.
Rumıniyalı baş hakim Kristan Balajın idarə etdiyi oyunun 15-ci dəqiqəsində “Neftçi” komandasının qapısına vurulan təhlükəli zərbəni qolkiper Saşa Stamenkoviç uğurla dəf edib. İki dəqiqə sonra Karlos Kardosanın ötürməsini Flaviniyo “Çixura”nın qapısına yönəltsə də, top qapıdan keçməyib. Qarşılaşmanın 28-ci dəqiqəsində gürcüstanlı futbolçu David Odikadzenin zərbəsi “Neftçi”nin qapısından yan keçib. Görüşün 41-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Bruno Bertuççinin güclü zərbəsi qapı tirinə dəyib. Matçın ilk hissəsi Bakı təmsilçisinin üstünlüyü şəraitində keçsə də, hesab açılmayıb.
İkinci hissədə, görüşün 48-ci dəqiqəsində hakim kobud oyuna görə gürcüstanlı futbolçu Qiorqi Datunayşviliyə sarı vərəqə göstərib. Görüşün 74-cü dəqiqəsində Flaviniyo yenidən hesabı açmağa yaxın olsa da, onun zərbəsi dəqiq olmayıb.
Beləliklə, görüşdə hesab açılmayıb.
Komandalar arasında cavab oyunu avqustun 7-də Gürcüstanda keçiriləcək.
Qeyd edək ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan “Neftçi” öncəki turda Sloveniyanın “Koper” kollektivini yarışdan kənarlaşdırıb.