ELM VƏ TƏHSİL
“Neftqazçıxarma terminlərinin izahlı lüğəti” çapdan çıxıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) “Neftqazçıxarma terminlərinin izahlı lüğəti”ni nəşr etdirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda neft-qaz geologiyası və geofizikası, yataqların axtarışı, kəşfiyyatı və işlənməsi, quyuların qazılması və istismarı, neft və qazın nəqli və saxlanılmasına aid 11 minə yaxın termin toplanılıb. Nəşrdə, həmçinin neftqazçıxarmanın iqtisadiyyatı, iqtisadi-riyazi modelləşdirmə, o cümlədən elm və texnologiyanın bir sıra sahələri ilə bağlı ən çox istifadə edilən terminlər də izah olunur. Azərbaycan, ingilis və rus dillərində yazılmış terminlərin izahı doğma dilimizdə verilir.
Nəşr AMEA-nın müxbir üzvü professor Arif Quliyev, texnika üzrə fəlsəfə doktorları Ramiq Əfəndiyev və Məmməd Haşım Hacıyev tərəfindən hazırlanıb. “Neftqazçıxarma terminlərinin izahlı lüğəti”nin baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə “Ərgünəş” nəşriyyatında nəşr olunmuş lüğət AMEA-nın həqiqi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Midhət Abasovun xatirəsinə ithaf edilib. Kitab neft-qaz sənayesi mütəxəssisləri, elmi işçilər, müəllim, tələbə və texniki ədəbiyyat tərcüməçiləri üçün nəzərdə tutulub.