DÜNYA
Nepalda COVID-19 pasiyentlərinin yarısı evdə müalicə alır
Pekin, 21 sentyabr, AZƏRTAC
Nepalda COVID-19 pasiyentlərinin təxminən yarısı evlərində və ya yaşadıqları yerlərdə təcrid olunaraq, müalicə alırlar.
AZƏRTAC Nepalın Səhiyyə və Əhali Nazirliyinin məlumatına istinadla xəbər verir ki, evdə müalicə alanlar simptomsuz xəstələr və yüngül vəziyyətdə olan pasiyentlərdir. Hazırda ölkədə təxminən 8400 aktiv xəstə var ki, onların da 48 faizi evdə müalicə alır. Nazirlik evdə müalicə halında ailə üzvləri üçün risklərin ən aşağı səviyyədə olması üçün müalicə protokollarına ciddi əməl olunmasını nəzarətdə saxlayır. Evdə müalicə xəstəxanaların yüklənməsinin qarşısını alıb.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə olunur. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır. Avqustda Nepal hökuməti yalnız xəstəlik əlamətləri orta və ağır olanların xəstəxanalarda müalicəyə qəbul edilməsinə qərar verib. Son sutka ərzində ölkədə 1154 nəfərin COVID-19 infeksiyasına yoluxduğu təsdiqlənib, 16 ölüm qeydə alınıb. İndiyədək Nepalda 65 min 276 nəfər bu virusa yoluxub, 427 nəfər isə ölüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin