REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşlarla görüşüb
Yevlax, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Yevlaxda vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir Ramin Quluzadə və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov əvvəlcə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra nazir Ramin Quluzadə Heydər Əliyev Mərkəzində Yevlax, Tərtər, Ağdam və Bərdədən olan sakinlərin telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərini dinləyib. Vətəndaşların müraciətlərindəki əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Regiona səfəri çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi üçün tapşırıqlar verib.