İQTİSADİYYAT
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bağlı yollar haqqında məlumat yaymışdır
Bakı, 18 fevral (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının bəzi prospekt və küçələrində təmir–tikinti işləri ilə əlaqədar bağlanmış yollar haqqında məlumatı açıqlamış, eləcə də sürücülərə alternativ istiqamətləri təqdim etmişdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, paytaxtın M.Füzuli küçəsində təmir-tikinti işləri ilə əlaqədar avtomobil yolu bağlı olduğundan alternativ variant kimi Ş.Əzizbəyov küçəsindən (Ş.Qurbanov küçəsi istiqamətində) və S.Əsgərova küçəsindən (S.Vurğun küçəsi istiqamətində) istifadə etmək mümkündür. S.Vurğun küçəsində təmir-tikinti işləri ilə əlaqədar isə yolun iki zolağı bağlıdır.
Eyni zamanda, M.Nərimanov küçəsi və Heydər Əliyev prospektinin kəsişmə istiqamətində tunel və piyada keçidinin tikintisi ilə əlaqədar yol bağlı olduğundan sürücülər Araz küçəsindən (“Ulduz” metro stansiyası) və Ə.Qayıbov küçəsindən istifadə edə bilərlər. Həmçinin Heydər Əliyev prospektinin M.Nərimanov küçəsi ilə kəsişməsində tunel və piyada keçidinin tikintisi ilə əlaqədar olaraq kənar yollar bağlı olduğundan kənar yoldan əsas yola keçid mümkündür.
Yeni metro stansiyasının tikintisi ilə əlaqədar C.Səlimov küçəsi bağlı olduğundan Tbilisi prospektindən və A.Salamzadə küçəsindən alternativ yol kimi istifadə etmək məsləhət görülür. Bundan əlavə Z.Bünyadov prospektində tikinti və təmir-bərpa işləri ilə əlaqədar prospektin bəzi hissələri bağlanmışdır. Lakin yolun bağlı hissələrində kənar yollarda hər iki istiqamətdə hərəkət vardır.