CƏMİYYƏT
Nəsimi rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 31 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması sahəsində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Növbəti monitorinq paytaxtın Nəsimi rayonunda Ceyhun Səlimov küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən ictimai-iaşə müəssisəsində (kafedə) aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı həmin ünvanda yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kafedə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Məlum olub ki, müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir. Kafedə məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi və temperatur rejiminin gözlənilmədiyi, binanın ümumi kanalizasiya borusunun mətbəx sahəsində yerləşən işçi masanın üzərindən keçdiyi, istifadə edilən qablar və məişət ləvazimatlarının kanalizasiya borusunun üzərində saxlanıldığı aşkar edilib.
Aşkar edilən nöqsanlar əsasında qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.