CƏMİYYƏT
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
Bakı, 20 fevral, AZƏRTAC
Dövlət başçısının tapşırığına uyğun olaraq bu il fevralın 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Bakının Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Bununla əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafikləri tərtib olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tibbi müayinə tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi üçün rayondakı səhiyyə müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib, sakinlərə xidmət göstərən poliklinikalarda lazımi şərait yaradılıb. Müayinə tədbirlərinin yaşayış sahələrində, idarə və təşkilatlarda keçirilməsi, eləcə də evdə olan yataq xəstələrinin yoxlanılması üçün səyyar həkim briqadaları təşkil olunub.
Rayon İcra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, tibbi müayinənin yüksək səviyyədə aparılması diqqət mərkəzində və gündəlik nəzarətdə saxlanılır. Rayondakı 20 nömrəli poliklinikada əhalinin tibbi müayinə tədbirləri ilə əlaqədar hər cür tədbir görülüb. Digər səhiyyə müəssisələri də lazımi dərman preparatları ilə təchiz olunub, həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Özəl səhiyyə müəssisələrində də əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır. İcra hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq fevralın 20-də rayonda yerləşən “Bioloji təbabət” klinikasında əhalinin tibbi müayinəsi təşkil edilib. Sakinlər əvvəlcə terapevt, sonra isə şikayətlərinə uyğun olaraq kardioloq, nevropatoloq, oftalmoloq tərəfindən yoxlanılıb, ultrasəs və digər müayinələrdən keçiriliblər.
Müayinədən keçən sakinlər dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə minnətdarlıq edib, poliklinikalarda yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.