Nəsimi rayonunda hərbi sursat aşkarlanıb
AzerTAg.az
Bakı, 18 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib.
Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb.
Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu Siyəzən şəhərində aşkar edilmiş döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarasını müvafiq qaydada ərazidən götürərək kənarlaşdırıb.




Xəbərin mətnində orfoqrafik səhv var