Nicat Hacızadə: İxrac Azərbaycan iqtisadiyyatı üçün əsas drayverə çevrilir
AzerTAg.az

Bakı, 11 oktyabr, AZƏRTAC
İxrac Azərbaycan iqtisadiyyatı üçün əsas drayverə çevrilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
O bildirib ki, ölkəmizin ixracı son 9 ay ərzində 38,3 faiz artaraq 14,6 milyard ABŞ dollarına çatıb. İxracda əsas payı 87,6 faizlə neft-qaz sektoru tutur. Son 9 ay ərzində 12,8 milyard dollar civarında xam neft, 501,9 milyon dollar səviyyəsində isə neft məhsulları təşkil edib. Neft-qaz sektoru çərçivəsində ixracın əsas artımı dünya bazarlarında hər iki enerji məhsulu üzrə qiymətlərin yüksəlməsi ilə əlaqədardır. Türkiyə və Avropanın enerji təhlükəsizliyi üzrə təminatçısı kimi Azərbaycan son 9 ay ərzində 2,95 milyard dollar dəyərində ixrac həyata keçirib ki, 2020-ci illə müqayisədə 56 faiz daha çoxdur.
N.Hacızadə deyib ki, qaz qiymətlərində baş verən kəskin yüksəliş xam neft qiymətinin artımı, habelə soyuq mövsümün başlaması ilə əlaqədar təbii qaz və elektrikə tələbin artması ilə əlaqədardır. Habelə Avropanın müxtəlif sənaye sahələri sayılan kimyəvi maddələr, gübrə, dərman, kağız və şüşə emalında qiymət artımını proqnozlaşdırmaq mümkündür. Nəzərə alsaq ki, Avropanın enerji təchizatında rol alan ölkələr müxtəlif emal sənayesi məhsullarını həmin qitədən idxal edirlər, ixracatçıların son nəticədə əldə etdiyi valyuta yenidən repatriasiya olunur. Hətta fransız tikinti materialları şirkətinin nüfuzlu maliyyə portallarına verdiyi məlumata əsasən, enerji və xammal tutumlu məhsulların istehsalı zamanı xərc inflyasiyası 2021-ci ildə 36,4 faiz artaraq 1,5 milyard Avroya çatıb. Buna baxmayaraq, Rusiya Federasiyası Prezidentinin enerji təchizatındakı sabitləşdirmə və tələbə müvafiq olaraq təbii qaz ixracının artırılması ilə əlaqədar açıqlamasından sonra təbii qaz qiymətində kəskin enmə müşahidə edildi. Avropanın enerji şaxələndirmə siyasəti əsas gündəliklərdən biridir. Azərbaycanın Türkiyəyə qaz ixracı 2015-ci ildə 5,9 milyard kubmetr olmaqla 1,2 milyard dollar, 2016-cı ildə isə 6,2 milyard kubmetr olmaqla 840 milyon dollar təşkil edib. Həmin dövr ərzində təbii qaz həcminin 5,08 faiz artmasına baxmayaraq, ixrac dəyərinin azalmasına səbəb dünya enerji bazarlarında qaz qiymətlərinin 11,9 faiz azalması ilə əlaqədardır. 2016-cı ildən etibarən təbii qazın pərakəndə satış qiymətlərində qeydə alınan 27,1 faiz artım 2017-ci və 2018-ci ildə həcmin azalması fonunda artıb. 2018-ci ildə təbii qaz miqdarının azalmasına baxmayaraq, pərakəndə satış qiymətlərinin artımı Azərbaycanın Türkiyəyə enerji ixracını çoxaldıb. 2019-cu ildən etibarən Türkiyənin idxal etdiyi təbii qaz həcmində qeydə alınan 2,7 dəfə artım, “Cənub Qaz Dəhlizi”nin fəaliyyətə başlaması ilə əlaqədardır. Sözügedən dövrə qədər təbii qaz ixracını Azərbaycan Bakı-Tbilisi-Ərzurum boru xətti ilə həyata keçirirdi. 2020-ci ildə Azərbaycanın ixrac etdiyi qazın 4,7 milyard kubmetri Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə həyata keçirilib ki, ümumi miqdarın 47 faizini təşkil edir.
Qeyri-neft sektoru üzrə artım ilə əlaqədar statistik göstəricilər İxrac İcmalının oktyabr sayının ilkin buraxılışında qeyd edilib. Qeyri-neft sektoru üzrə artım 1,8 milyard ABŞ dolları təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 525,3 milyon ABŞ dolları və ya 40,9 faiz daha çoxdur. Pandemiya ilə bağlı normallaşmanın artıq başlanılması iqtisadi aktivliyi canlandırması idxalın da artımı ilə nəticələnib. İlin 9 ayının nəticəsinə görə, 8,3 milyard dollar dəyərində idxal həyata keçirilib ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz daha çoxdur. Qeyri-neft ixracının tərkibində 22 faizlə meyvə tərəvəz malları önəmli paya malikdir. Qeyri-neft ixracında ilk üçlükdə yer alan pomidor meyvə-tərəvəzin tərkibində 32,6 faiz paya malik olmaqla dominantlığını davam etdirir. Cari ilin yalnız sentyabr ayına əsasən, fındıq, yeməli və sitrus meyvələr üzrə ixrac yeyinti məhsulları üzrə ixracın 73,2 faizini təşkil edib. 2021-ci ilin yalnız avqust ayı üzrə ixrac göstəricilərinə əsasən, şaftalı ixracı 10,8 milyon dollar, alma 4,3 milyon dollar təşkil edib. Ötən illərin eyni dövrünün məhsul statistikasına əsasən, fındıq, kartof, alma, xurma, gilas, albalı, şaftalı və sair meyvələr üzrə qeyri-neft üzrə ixracı sentyabr, oktyabr və noyabr ayları üzrə yeyinti məhsullarında hərəkətverici qüvvələrdən olacaq. Tərəvəz məhsulları üzrə sentyabr ayında ixrac 449 min dollar təşkil edib ki, ötən illə müqayisədə azalma qeyd olunub. Xüsusilə, pomidor və bir sıra digər meyvə-tərəvəz məhsulu üzrə Rusiya Federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən, qeyri-tarif tənzimləmələrində dəyişikliklər həyata keçirilir. Fitosanitar risklərin minimuma endirilməsi istiqamətində aidiyyəti dövlət orqanı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, pomidor ixracı yenidən ixrac əməliyyatlarını artırır. Aqrar-sənaye məhsullarının tərkib hissəsi emal olunmuş meyvə-tərəvəz, qoz-fındıq üzrə ixrac ilin 9 ayı üzrə 17,4 milyon, yalnız sentyabr ayında isə 1,4 milyon dollar dəyərində olub.
“Aqrar və aqrar-sənaye məhsulları üzrə Azərbaycandan idxal edən lider ölkə Rusiya Federasiyasıdır. Bundan əlavə, xarici ticarət əməliyyatlarında ən çox diversifikasiyaya malik Rusiya Federasiyası ilə həyata keçirilir. Müqayisəli üstünlüyə malik ölkə kimi Rusiya Federasiyasından ticarət olunan məhsulların 80 faizdən çox hissəsini Azərbaycana ixracı təşkil edir. Ticarət olunan qiymət optimallığına əsasən, HS4 mal qrupuna görə 20-yə yaxın məsul arasında saldo fərqi cüzidir. Azərbaycanın müsbət saldoda olan mal qrupu ümumi ticarətin tərkibində HS4 əsaslı 60-a yaxın mal üzrə müsbət saldoya malikdir”, - deyə departament rəhbəri qeyd edib.
Rusiya Federasiyasının sentyabr ayı üçün ərzaq inflyasiyası 10 faizə yaxındır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq inflyasiyası 1,1 dəfə artıb. Qeyd edək ki, 2021-ci ili üzrə sentyabr ayının göstəricisi rekord hesab edilə bilər. Bu il ərzində ən yüksək inflyasiya iyun ayında 8,6 faiz təşkil edib. Sözügedən ölkədə yaranan ərzaq inflyasiyası mövcud infeksiya təhlükəsinin yenidən normallaşmağa doğru getməsi, yenidən daxili canlanmanın bərpası kimi dəyərləndirilir. Kənd təsərrüfatı bazarında MDB ölkələri üzrə ciddi rəqabət şəraiti mövcuddur. Bundan əlavə, əsas ticarət tərəfdaşımız Rusiya çevik məzənnə rejiminə malikdir. Habelə Rusiya iqtisadiyyatında məzənnə rejiminin qiymətlərə ötürücülük qabiliyyəti yüksəkdir. Kənd təsərrüfatı məhsulları üzrə idxalın yüksək olduğunu nəzərə alsaq, Rusiya bazarında məzənnə dəyişiklikləri idxal vasitəsilə mal və məhsulların qiymətlərinə təsir göstərir. Hazırda manatın real effektiv məzənnəsi baha olduğu üçün Rusiyadan edilən idxal daha sərfəlidir. Nəzərə alaq ki, enerji qiymətlərinin yüksəlməsi fonunda Rusiya valyutasının möhkəmlənməsi gözləniləndir. Azərbaycanın aqrar və aqrar-sənaye üzrə ixracı 2020-ci illə müqayisədə 4,2 faiz artaraq 524,8 milyon dollar təşkil edib. Sözügedən ixracın böyük əksəriyyəti Rusiya Federasiyasının payına düşür. Buna baxmayaraq, aqrar sahə üzrə mal və məhsulların diversifikasiyası vacib faktor hesab edilməlidir.
Xəbərin mətnində orfoqrafik səhv var