SİYASƏT
Niderlandda Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Niderlanddakı səfirliyinin, Belçika və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə səfirlikdə ulu öndər Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti haqqında danışıb. O deyib: “Hər kəs, ilk növbədə, öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərin həyat və fəaliyyəti örnək olmaqla yanaşı, Azərbaycana rəhbərlik etdiyi illər də tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunacaq”.
Diplomat, həmçinin Ümummilli Liderimizin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olduğu müddətdə gördüyü quruculuq işləri barədə ətraflı məlumat verib. O, xüsusilə Heydər Əliyevin 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif ali təhsil ixtisaslarına yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərməsi, müxtəlif maneələrə baxmayaraq həmin dövrdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olması, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması və s. bu kimi nəcib və Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış yorulmaz fəaliyyəti barədə ətraflı danışıb. Həmçinin qeyd edib ki, dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atılmasının şahidiyik. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarılıb, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olunub, Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilib, 20 Yanvar faciəsinə siyasi qiymət verilib, ilk dəfə olaraq muxtar respublikadan sovet qoşunları çıxarılıb. Vurğulanıb ki, 1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Lakin Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə Azərbaycana qayıtmışdı. Məhz onun sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olub, inkişaf edən sabit bir dövlətə çevrilib. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alınıb, ictimai-siyasi sabitlik yaranıb, ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun şəkildə qurulub, uğurlu neft strategiyası həyata keçirilməyə başlanıb.
Belçika və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva ölkəmizin keçən əsrin 60-cı illərinin sonlarından başlayan və XXI əsrə adlayan tarixinin 35 illik dövrünün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycanda dövlətçilik ənənələrinin bərqərar edilməsinin, müstəqilliyimizin möhkəmləndirilməsinin, onun dönməz xarakter almasının və Azərbaycanın müxtəlif sahələrdə uğurlu inkişafının məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində mümkün olduğunu bildirib. O, Ulu Öndərin xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib.
Tədbirdə diaspor təşkilatları da ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin əməkdaşları və Niderlandda yaşayan Azərbaycan diaspor təşkilatlarının üzvləri anım tədbirində iştirak ediblər.