MƏDƏNİYYƏT
Nigeriya televiziyasında Azərbaycan mətbəxi silsiləsindən növbəti veriliş yayımlanıb VİDEO
Bakı, 8 sentyabr, Aygün Həsənova, AZƏRTAC
Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində 13 hissədən ibarət “Azərbaycan təamları” filminin növbəti buraxılışı olub.
AZƏRTAC xəbər verir ki, budəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir.
Müəllif verilişdə Azərbaycan xalqının ən sevimli bayramlarından olan Novruzdan danışır və bu bayram ərəfəsində hazırlanan ənənəvi şirniyyatlar, yemək və təamlar barədə geniş məlumat verir.
Tamaşaçılara Azərbaycan mətbəxinin şahı sayılan plovun hazırlanmasından söhbət açılır. Həmçinin plovun içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını izah edir.
Milli mətbəximizdən bəhs edən silsilə filmlər hər həftənin şənbə günləri ölkənin WAPTV, RAVE TV, TVC kanalları ilə də birbaşa yayımlanır.
Qeyd edək ki, Nigeriyanın məşhur “Foodies & Spice” mətbəx verilişinin yaradıcı heyəti Nigeriya Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramovanın dəstəyi ilə ölkəmizdə səfərdə olub. Nigeriyalı qonaqlar 10 günlük səfər çərçivəsində Bakıda və regionlarda silsilə görüşlər keçiriblər.