SİYASƏT
Almaniya Bundestaqının üzvü Nikolas Löbel: Ermənistan beynəlxalq hüququ pozmaqda davam edir
Berlin, 15 iyul, AZƏRTAC
Bundestaqın Xarici işlər komitəsinin üzvü, hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üzrə məruzəçisi Nikolas Löbel “Twitter”də Azərbaycan-Ermənistan sərhədində ermənilərin təxribatları ilə bağlı öz mövqeyini bildirib. O yazıb: “Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət məni narahat edir. Uzunmüddətli sakitlik dövründən sonra iki ölkə arasında bir neçə gündən bəri hərbi toqquşmalar baş verir, hər iki tərəfdən itkilər var. Bu, hər iki ölkədə COVID-19 pandemiyası ilə əlaqədar onsuz da çətin olan vəziyyəti daha da kəskinləşdirir”.
Deputat bildirib ki, Almaniya bu məsələdə özünü kənara çəkməməlidir. AFR-in Xarici İşlər naziri Hayko Maas, xüsusilə Almaniyanın BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi ilə əlaqədar məsələni şərhsiz gündəmə gətirməlidir. Bu “dondurulmuş münaqişə”nin nəhayət ki, həllinə ehtiyac var. Ermənistan Dağlıq Qarabağ bölgəsini və ətrafını faktiki olaraq ilhaq etməklə beynəlxalq hüququ pozmaqda davam edir. Bu vəziyyət beynəlxalq vasitəçilərin köməyi ilə sülh yolu ilə həll edilməlidir.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Berlin