CƏMİYYƏT
Nizami rayonunda narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər müzakirə edilib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Nizami rayonundakı 220 saylı tam orta məktəbdə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının İşçi qrupunun və Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini və sektor müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən digər aidiyyəti dövlət qurumlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa təhlükəli xəstəliklərin yayılması yolları haqqında məlumat verib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Tədbirdə şagirdlərin səhnələşdirdikləri “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tamaşa nümayiş olunub.
Həmçinin tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.