MƏDƏNİYYƏT
Norveçli modelyer Qarabağ həqiqətlərini podiumda göstərdi
Bakı, 11 mart, AZƏRTAC
Türkiyədə "Antalya Fashion Week 2019" adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı modelyer Şervin Nəcəfpurun "I‘m a Star” kolleksiyası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyə mediasının geniş işıqlandırdığı dəfilə böyük səs-küyə səbəb olub. "I‘m a Star” kolleksiyasında modellərin çıxışı zamanı arxa fonda Azərbaycanın ərazi bütövlüyünün, eləcə də işğal olunmuş şəhərlərinin adlarını diqqətə çatdıran "I’m a star in Khojaly" , "I’m a star in Shusha" və s. kimi yazılar yayımlanıb. Nümayişin əsas ulduz modeli, “Mister Azerbaijan” və “Best Model” yarışmasının qalibi Şakir Əhmədzadə podiuma "I’m a star in Karabakh" şüarı ilə çıxıb.
Kolleksiyanın kristal daşlardan ibarət taclarını dizayner Gülnar Məmmədova hazırlayıb. Ənənəvi olaraq hər il keçirilən "Antalya Fashion Week" dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.
Kolleksiyanın ideyasını və nümayiş olunan geyimləri moda tənqidçiləri, dəb bloqqerləri maraqla qarşılayıblar.
Qeyd edək ki, dizayner Şervin Nəcəfpur Norveçin bir çox məşhur ulduzlarının, eləcə də, kral ailəsinin geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridir. O, eyni zamanda “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Norveç üzrə koordinatorudur.