QAN YADDAŞI
Nyu-Yorkda 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib
Vaşinqton, 21 yanvar. AZƏRTAC
20 Yanvar faciəsinin 27-cü ildönümünün anım mərasimi ABŞ-ın Nyu-York şəhərində də keçirilib.
Tədbir Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən Əyyub Sultan Mədəniyyət Mərkəzində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, türk, yəhudi və ölkəmizin Nyu-Yorkdakı digər diaspor təşkilatlarının rəhbərləri, icma üzvləri, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və xarici qonaqlar iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zamina Mirhadiyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Azərbaycan Nyu-York Assosiasiyası təşkilatının rəhbəri Ercan Yerdələnli, “My Way Development” Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Baku Bruklin” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental çıxış ediblər.
Yaşar Əliyev 20 Yanvar faciəsinin Azərbaycan üçün yalnız matəm deyil, qürur və şərəf günü olduğunu vurğulayıb.
Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli mərasimə qatılan iştirakçılara təşkilat adından təşəkkürünü bildirib, onların birlik və həmrəylik nümayiş etdirməsinin önəmini vurğulayıb. O, həmçinin Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Xocalı soyqırımı günü BMT qərargahı önündə mitinq keçirmək üçün icazə aldıqlarını bildirən Ercan Yerdələnli həmin gün Erməni Missiyasi və BMT qərargahı qarşısında mitinq təşkil edəcəklərini elan edib.
Daha sonra dərnək üzvü olan Ferzane Qasımova 20 Yanvara həsr etdiyi şeiri oxuyub.
Tədbirdə "Əyyub Sultan Mədəniyyət Mərkəzi"ndə fəaliyyət göstərən ruhani tərəfindən dualar oxunub, ehsan süfrəsi açılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton