DÜNYA
Nyu-Yorkdakı terror hücumu barədə nə məlumdur
Bakı, 1 noyabr, AZƏRTAC
Oktyabrın 31-də Nyu-Yorkda insanların ölümünə səbəb olan terror hücum baş verib. Cinayətkar avtomobillə velosipedçilər üçün nəzərdə tutulan zolaqda yüksək sürətlə hərəkət edərək bir neçə piyadanı və velosipedçini vurub. Hadisə nəticəsində 8 nəfər həlak olub, çox sayda insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla insident barədə hazırda məlum olan faktları diqqətə çatdırır.
Nə baş verib
Oktyabrın 31-də yerli vaxtla saat 15:05-də Nyu-York şəhərinin Manhetten rayonunun cənub-qərb hissəsində yerləşən Çembers-strit və Uest-strit küçələrinin kəsişməsində cinayətkar icarəyə götürdüyü pikap avtomobili ilə velosipedçilər üçün nəzərdə tutulan zolaqda yüksək sürətlə hərəkət edərək qarşısına çıxan insanları əzməyə başlayıb. Avtomobil bu şəkildə bir müddət irəlilədikdən sonra məktəb avtobusu ilə toqquşaraq dayanıb. Pnevmatik tüfənglə silahlanmış cinayətkar polis tərəfindən açılan atəş nəticəsində yaralanıb və hospitala yerləşdirilib.
Son məlumata görə, insident nəticəsində 8 nəfər həlak olub, azı 12 nəfər yaralanıb.
Baş verən hadisə terror aktı kimi qiymətləndirilib. Bu, insan tələfatı baxımından Nyu-Yorkda 11 sentyabr hadisəsindən - Ümumdünya Ticarət Mərkəzinin əkiz-qüllələrinə hücumdan sonra ən böyük insidentdir.
Hücumu kim edib
Amerika KİV-lərinin məlumatına əsasən, hücumu 2010-cu ildə ABŞ-a gələn və Florida ştatının Tampa şəhərində yaşayan özbək əsilli 29 yaşlı Seyfullah Habibullayeviç Saipov törədib.
Hökumət yalnız cinayətkarın yaşı barədə məlumatı rəsmən təsdiqləyib. Onun adı isə təhqiqatın maraqlarına uyğun olaraq gizli saxlanılır. Polisin versiyasına görə, cinayətkar hər hansı terror təşkilatına daxil deyil və hücumu təkbaşına həyata keçirib.
KİV-lər terror aktının icraçısının əvvəllər ABŞ federal hökumətinin diqqətinə düşdüyünü də yazır. Hüquq mühafizə orqanları Nyu-Yorkdakı hücuma aid olmayan digər təhqiqat çərçivəsində Saipov barədə araşdırma aparıb. O, müstəntiqləri maraqlandıran şəxsin ya qohumu, ya da tanışı olub.
Mətbuat nümayəndələrinə müsahibə verən tanışları Saipovu müsbət cəhətdən xarakterizə ediblər. Onun ABŞ-a ingilis dilini öyrənmək, işə düzəlmək üçün gəldiyini, sonra “Uber” kompaniyasında taksi sürücüsü işlədiyini bildiriblər.
Saipovun ölkəyə daxil olmasına hansı əsaslarla icazə verildiyi bilinmir.
Cinayətin motivləri
Polis Saipovun idarə etdiyi avtomobildə onun hücumu İŞİD qruplaşması adından etdiyini bildirən qeyd tapıb.
Hökumətin hadisəyə reaksiyası
Dövlət başçısı Donald Tramp həlak olanların ailələrinə başsağlığı verib, “hadisələrin inkişafını diqqətlə izləməkdə davam edəcəyini” bildirib. Həmçinin Tramp cinayətkarı “xəstə insan” adlandırıb və sərhəd nəzarətini gücləndirmək barədə göstəriş verib.
Prezident administrasiyası hadisənin təhqiqatına dəstək verəcəklərini vurğulayıb.
Nyu-York ştatının qubernatoru Endryu Kuomo mühüm infrastruktur obyektlərində, populyar abidələrin yerləşdiyi rayonlarda, vağzallarda və hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıb.